Bu il 106 min Azərbaycan vətəndaşı Rusiyada işləmək üçün əmək patenti alıb
"2014-ci ildə 106 min Azərbaycan vətəndaşı Rusiyada işləmək üçün əmək patenti alıb".
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bunu 1 yanvar 2015-ci il tarixindən əmək miqrantları üçün yeni qaydaların tətbiqi ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən mətbuat konfransında Rusiya Federal Miqrasiya Xidmətinin Departament rəisinin müavini Dmitri Demidenko deyib: "Əmək patenti əslində 2010-cu ildən tətbiq olunub. Bu müddətdə əmək patentinin verilməsindən dövlət büdcəsinə 6 mlrd. rubl vergi ödənilib. 2014-ci ildə ümumilikdə 2 milyon 107 min xarici vətəndaş işləmək üçün əmək patenti alıb".
Dmitri Demidenko miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat verib: “Yeni qanuna əsasən, Rusiyaya vizasız gələn xarici ölkə vətəndaşları sərhəd-keçid məntəqələrində ölkəyə gəlişlərinin məqsədini bildirməlidir. Əcnəbi işləmək üçün Rusiyaya gəlirsə, miqrasiya vərəqində bu, qeyd olunmalıdır. Bundan sonra həmin xarici vətəndaş işləmək üçün əmək patenti almalıdır. Əmək patentini yalnız miqrasiya vərəqində ölkəyə gəlişinin məqsədi “işləmək” kimi qeyd olunan xarici vətəndaş ala bilər”.
D. Demidenko miqrasiya qanunvericiliyinin tələblərini pozduqlarına görə ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı tələbələrin probleminə də aydınlıq gətirib. O bildirib ki, Rusiyaya girişinə yasaq qoyulan xarici vətəndaş kimliyindən və statusundan asılı olmayaraq, Federal Miqrasiya Xidmətinə qurumun rəsmi saytı vasitəsi ilə müraciət edə bilər.
Səfir Polad Bülbüloğlu FMX rəhbəri Konstantin Romodanovskinin MDB ölkələrinin səfirləri ilə görüş keçirdiyini xatırladıb: “Görüşdə FMX rəhbəri 2015-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək Rusiya miqrasiya qanunvericiliyinə dəyişikliklər barədə danışdı. O, səfirlərdən öz ölkələrinin vətəndaşları arasında miqrasiya qanunvericiliyindəki yeniliklərlə bağlı maarifləndirici iş aparmağı xahiş edib. 2015-ci yanvarın 1-dən etibarən Rusiyaya işləmək üçün gələn xarici vətəndaşlarla bağlı qanunlar sərtləşdiriləcək”.
Qeyd olunub ki, əcnəbilər əmək patenti almaq üçün QİÇS və digər kəskin yoluxucu xəstəliklərdən analiz verməlidirlər. Onlardan rus dili və tarixindən imtahan da götürüləcək.