Daşkəsəndə partlayış: ana və 8 yaşlı oğlu yaralandı
Daşkəsəndə mənzildə baş verən güclü partlayış nəticəsində ana və oğul xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Alünitdağ qəsəbəsində baş verib. Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Sevil Bayramova hamamda qaz sobasını yandırmaq istəyərkən partlayış olub. Nəticədə Sevil Bayramova və onun 2006-cı il təvəllüdlü oğlu Elcan Həsənov yanıq xəsarətləri alıblar. Qadın bədəninin 2-ci və 3-cü dərəcəli yanığı ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Burada ona lazımi tibbi yardım göstərildikdən sonra xəstə Bakıya gətirilib.
8 yaşlı oğlanın yanıq xəsarəti isə qismən yüngül olduğundan Daşkəsəndə ona müvafiq tibbi yardım edilib.
Onu da deyək ki, partlayış baş verən ev yararsız hala düşüb. Partlayışın gücündən nəinki hamam otağının, eləcə də mənzilin digər otaqlarının tavanı dağılıb, pəncərələri sınıb.
Qeyd edək ki, iki il bundan qabaq bu ailədə daha bir faciə yaşanıb. Evin ailə başçısı elektrik cərəyanının vurulması nəticəsində ölüb.