Bakıda "VAZ 2106" yük maşınına çırpıldı: 3 ölü, 1 yaralı

Gecə saatlarında Xəzər rayonunun Türkan qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, "VAZ 2106" markalı avtomobilin sürücüsü yüksək sürətlə qəsəbədən şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında dayanan “MAZ “markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən "Jiquli" deformasiyaya uğrayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Onlar xüsusi alət avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan 1966-cı il təvəllüdlü Saxəddin Hacıyevin, 1977-ci il təvəllüdlü Qüdrət İsgəndərovun və 1993-cü il təvəllüdlü Cəlal İbiyevin cəsədini çıxarıblar. 1993-cü il təvəllüdlü Vüqar Hüseynov isə qəzadaağır yaralanıb.

 

Hadisə yerinə yol polisləri gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub.  Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv