Lənkəranda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Lənkəran rayonunda dəm qazından kütləvi zəhərlənmə faktı qeydə alınıb. Bir ailənin 4 üzvü zəhərlənib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Şağlakücə kəndində baş verib. Kənd sakini, 45 yaşlı Təyyar Bədəlova məxsus evdə ev sahibi də daxil olmaqla 4 nəfər dəm qazından zəhərlənib. Zəhərlənənlər ev sahibi Təyyar Bədəlov, anası, 80 yaşlı Şahbacı Bədəlova, həyat yoldaşı Mehparə Bədəlova və 13 yaşlı oğlu Babək Bədəlovdur. Onlar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, ailə üzvlərinin üçünün vəziyyəti ağır, uşağın vəziyyəti isə nisbətən normaldır. Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Zəhərlənmənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.