Vüsalə Mahirqızı: “Türkiyə üçün önəmli olan məsələlər Azərbaycan mediasında həmişə diqqət mərkəzində olub”

Bakıda “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans keçirilir. Üç iclasdan ibarət olacaq konfrans çərçivəsində Türkiyədən gələn media nümayəndələrinin ölkəmizin telekanallarında proqramlara qatılması, Quba məzarlığını ziyarəti, Bakı Dövlət Universitetində və Bakı Slavyan Universitetində tələbələrlə görüşü də gerçəkləşdiriləcək.

 

APA TV-nin xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Hamit Karadəniz bildirib ki, Azərbaycan-Türkiyə mətbuat əlaqələrini daha da zənginləşdirmək, media mənsubları arasında dialoqu gücləndirmək, təcrübə mübadiləsini dərinləşdirmək lazımdır.

 

TRT-nin baş direktoru Şenol Göka bildirib ki, bütün zamanlarda Azərbaycandakı hadisələr Türkiyə mediası üçün gündəm olub və belə də davam edəcək. Türkiyə və Azərbaycan arasında Media Tədris Mərkəzinin  yaradılması təklifi ilə çıxış edən baş direktor bu mərkəz vasitəsilə iki ölkənin jurnalistləri arasında təcrübə mübadilələrini genişləndirməyin mümkün olduğunu bildirib.

 

Konfransda çıxış edən "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, Türkiyənin TRT kanalı və rəsmi Anadolu Agentliyi Azərbaycanla bağlı məsələlərə çox həssas yanaşır: “Çox təəssüf ki, Türkiyənin özəl media quruluşlarında Azərbaycan, xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı yanlışlıqlar və laqeydlik müşahidə olunur. Türkiyə üçün önəmli olan məsələlər Azərbaycan mediasında həmişə diqqət mərkəzində olub. Bu, Azərbaycanın təkcə rəsmi mediasına deyil, özəl media quruluşlarına da aiddir. Mən arzu edirəm ki, Türkiyənin bütün media quruluşlarında da biz eyni həssaslığa rast gələk”.

 

V.Mahirqızı bildirib ki, Azərbaycanda internet media qəzetçilik əsasında formalaşıb: “Bu sahədə əsas bazanı ənənəvi mediadan gəlmiş jurnalistlər təşkil edir, buna görə də internet mediada daha çox ənənəvi medianın prinsipləri öz əksini tapır. Amma Azərbaycanda internet mediada qəzetlərin internet versiyaları ağırlıq təşkil etmir. Yalnız müəyyən istisnalar var”.

 

Şirkət rəhbəri deyib ki, Azərbaycanda agentlik və saytların sayı çox olsa da, portal anlayışına uyğun gələn quruluşlar azdır. İnternet mediada peşəkarlıq həm də oxucunun peşəkarlaşması ilə paralel gedəcək: “Oxucu yavaş-yavaş peşəkarlaşır və o, vaxtını internetdə xərcləmək istəmir. O, internetdən konkret olaraq özünə lazım olanı seçir. Ona görə də saytlar bunu nəzərə almalı və hansı kontentə xitab etdiklərini bilməlidirlər. Bu detalı nəzərə almadan inkişaf bir az çətin görünür”.

 

Onlayn media üçün İP-nin önəmli olduğunu deyən holding rəhbəri bildirib ki, media kütləvilik, populyarlıq, yalnız İP üçün işləyirsə, daha çox, amma ucuz reklam almaq imkanı olur: “Amma burda incə bir detal var: İP üçün yazmaq, yoxsa yazıb İP toplamaq? Bu suala dəqiq cavab tapmaq artıq istənilən saytın yönümünü, kontentini, reklamvericisini müəyyənləşdirmək üçün əsas vasitədir. Əgər media ciddidirsə və brendləşibsə, onun az, amma daha bahalı reklam almaq imkanı var".

 

Konfrans Azərbaycan Mətbuat Şurası, Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, TRT-nin və Anadolu Agentliyinin ölkəmizdəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Müəllif | Apa.Tv