Azərbaycan prezidenti Serbiya parlamentinin sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Serbiya parlamentinin sədri Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlət başçısı siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və bunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirib.

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Serbiyanın mövqeyini yüksək qiymətləndirən prezident İlham Əliyev Azərbaycanın Kosovo ilə əlaqədar Serbiyanın mövqeyini dəstəklədiyini bir daha vurğulayıb. Maya Qoykoviç isə ölkəsinin iqtisadi əməkdaşlığın genişləndirilməsində və Azərbaycanın Serbiya iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu bildirib. Parlament sədri ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq etdiyini deyib. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini deyən Maya Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirib. O, Serbiyada məscid və kilsənin əsaslı şəkildə yenidən qurulmasına və bu yaxınlarda daşqınlar zamanı ilk ölkələrdən biri olaraq Azərbaycanın göstərdiyi yardıma görə serb xalqı və şəxsən öz adından prezident İlham Əliyevə minnətdarlıq edib.

 

Görüşdə ölkələrimiz arasında nəqliyyat, investisiya qoyuluşu, energetika və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv