Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi açılıb

Türkiyənin Anadolu Agentliyi və Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) ulu öndər Heydər Əliyevin qorunub saxlanılan fotoşəkillərindən ibarət “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” adlı fotosərgi açılıb. Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilən sərgi Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

 

APA TV-nin xəbərinə görə, sərginin açılışında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Heydər Əliyevin əziz xatirəsi Azərbaycan və türk xalqlarının qəlbində yaşamaqdadır.

 

Digər çıxışçılar da Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən danışıblar.
 

AzərTac-ın baş direktoru Aslan Aslanov bildirib ki, bu fotolar hər iki agentliyin arxivində önəmli yer tutur: "Sərgidə dahi şəxsiyyət Heydər Əliyev yolunun zəngin dövlətçilik fəaliyyətininin çox maraqlı anları ilə tanış ola biləcəksiniz. Bu fotoşəkillər iki ölkənin informasiya agentlikləri " Anadolu Agentliyi" və "AzərTac" ın qiymətli arxivlərində qorunub saxlanılır".

 

Sonra sərgiyə baxış keçirilib. Sərgidə Heydər Əliyevin şəxsi həyatından, qatıldığı yerli və beynəlxalq yığıncaqlardan, dünya liderləri ilə görüşlərindən foto kadrlar nümayiş olunub.

 

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan sərgidə 1980-2003-cü illər ərzində onun  həyat və fəaliyyətindən bəhs edən fotolar yer alıb. 45-i Anadolu Agentliyinə, 40-ı Azərtac Agentliyinə məxsus fotoların bir çoxu indiyədək heç yerdə yayımlanmayıb. 

 

Sərgi 3 gün davam edəcək.

 

Müəllif | Apa.Tv