15 il məhkumluq həyatı yaşayan şəxs yenidən həbs edildi

Balakəndə 15 il  məhkumluq həyatı yaşayan şəxs yenidən həbs edilib. Rayon Polis Şöbəsindən APA TV-yə  verilən məlumata görə, rayonun Şərif kənd sakini, 1988-ci il təvəllüdlü Hicran Nəriman qızı  Bağmanova evindən qızıl-zinət əşyalarının oğurlanması barədə RPŞ-ə müraciət edib. Aparılmış tədbirlər nəticəsində evdən qızıl-zinət əşyalarını onun həmkəndliləri 1994-cü il təvəllüdlü Mahama Əli oğlu Qoqayev və 1974-cü il təvəllüdlü Nəriman Ramazan oğlu Mağlıyev tərəfindən oğurlanması müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mahama Qoqayev və Nəriman Mağlıyev saxlanılıblar. Nəriman Mağlıyevin yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron, 97 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və hadisə zamanı oğurladığı qızıl-zinət əşyalarının bir qismi  aşkar edilərək götürülüb. Həbs edilənlərdən Nəriman Mağlıyev 1994-cü ildə  CM-nin bir neçə ağır maddələri və 1993/94-cü illərdə Balakəndə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün təqsirli bilinərək 15 il müddətinə məhkumluq həyatı yaşayıb. Saxlanılan Mahama Qoqayev oğurluğu necə etdiklərini danışıb: "Axşam üstü fermadan gələndə Nərimanla rastlaşdım. Dedi ki, belə bir iş var, nə  götürsək, mənə də verəcək. İstəmədim, məni öldürməklə hədələdi. Məcbur olub, onunla getdim".


Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov