Bakıda 25 yaşlı ər keçmiş arvadını amansızlıqla öldürdü

Ötən axşam Bakıda dəhşətli qətl hadisəsi törədilib. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, "Zığ bağları" adlanan yaşayış massivində baş verib.

 

25 yaşlı Mehdiyev Elşən İlqar oğlu keçmiş həyat yoldaşı, 22 yaşlı Salmanova İntima Bandit qızını amansızlıqla qətlə yetirib. İlkin məlumata görə, Elşən Mehdiyevlə İntima Salmanova bir müddət əvvəl boşanıblar və qadın atasının evinə gedib. Ötən gün isə hələlik məlum olmayan səbəbdən keçmiş ər və arvad görüşüb. Onlar "Zığ bağları" massivindəki kimsəsiz evlərdən birinə gediblər. Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

 

Elşən keçmiş arvadının öldüyünü düşünərək evi tərk edib. Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb. İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdıb və elə küçədəcə qadını boğub. Nəticədə 22 yaşlı qadın ölüb. Hadisəni törədən Elşən Mehdiyev Suraxanı Rayon Polis İdarəsinə gedərək, könüllü təslim olub.

 

Qonşuların verdiyi məlumata görə, Elşən Mehdiyev əvvəllər "Zığ bağları" massivində yaşayıb. Amma içki düşkünü olmasının, tüfeyli həyat sürməsinin nəticəsi kimi evini satıb. Ailəsinin dağılmasının, həyat yoldaşının onu tərk etməsinin də səbəbi Elşənin həyat tərzi olub.

 

Qeyd edək ki, Elşən Mehdiyevlə İntima Salmanovanın bir övladı var.

 

Qətl hadisəsi ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv