Avroliqada qalmaqallı qərar: Hakim “Qarabağ”ın qolunu saymadı
Ötən gecə Avropa Liqasının qrup mərhələsinə yekun vurulub. APA TV-nin məlumatına görə, Azırbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" VI turda Bakıda Milan "İnter"ini qəbul edib.
“İnter” qrup lideri kimi “pley-off”a vəsiqəni təmin etsə də, “Qarabağ” üçün qrupun son oyunu həlledici idi. Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi növbəti mərhələyə yüksələcəkdi. Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. Amma bunun üçün qrupun digər oyununda – “Dnepr”-“Sent Etyen” qarşılaşmasında da bərabərlik qeydə alınmalı idi.
"Qarabağ" - "İnter" oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatdı. İkinci hissənin ortalarında Ukraynadan Azərbaycan azarkeşlərini həyəcanlandıran xəbər gəldi. "Dnepr" "Sent Etyen"lə oyunda hesabda irəli çıxmışdı. Artıq "Qarabağ" üçün qol vurmaq vacib idi. "Qarabağ" bu qolu oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə vurdu. Amma çexiyalı hakim hələ çox müzakirə olunacaq qərar verdi və Riçard Almeydanın qolunu qeydə almadı. Bütün bucaqlardan baxdıqda aydın olur ki, top "İnter"in futbolçusunun ayağına dəyərək qapıdan keçir və "Qarabağ"ın futbolçusu topa toxunmur. Lakin hakim israrla qərarının üzərində dayandı və "Qarabağ"ı 1/16 final mərhələsinə aparacaq qolu saymadı.
Beləliklə, “İnter”lə qolsuz bərabərə (0:0) qalan Ağdam klubu xalını 6-ya çatdırdı və qrupu 3-cü pillədə başa vurdu. Ukraynada Fransa “Sent-Etyen”ini 1:0 hesabı ilə məğlub edən “Dnepr” isə qrup ikincisi kimi, “İnter”lə birgə növbəti mərhələyə çıxdı.
Qeyd edək ki, “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır. Bu barədə apasport.az saytına Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, müraciətə səbəb "İnter"lə oyunda vurulan qolun çexiyalı baş hakim Miroslav Zelinka tərəfindən hesaba alınmamasıdır. Bu gün klubun vitse-prezidenti Tahir Gözəl və baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirəcəyi gözlənilir.