"Beşiktaş" qrup mərhələsini lider kimi bitirdi
Avropa Liqasının qrup mərhələsinin VI turunda Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klubları meydana çıxıb. Hər iki klub növbəti mərhələyə vəsiqəni ötən turdan təmin etsə də, qrup mərhələsini lider kimi bitirmək baxımından bu oyunlar əhəmiyyətli idi.
"Beşiktaş" vəzifəsinin öhdəsindən lazımınca gəlib. İstanbul klubu öz meydanında "Tottenhem"i məğlub edib. Qarşılaşma "Beçiktaş"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə klubunun qələbə qolunu 59-cu dəqiqədə Cenk Tosun vurub. Bu qələbə ilə C qrupunu lider kimi tamamlayan "Beşiktaş" püşkatma mərasiminə üstün durumda gedir.
Qeyd edək ki, oyun zamanı Atatürk Olimpiya stadionunda işıqlar iki dəfə sönüb. Əvvəlcə 8-ci dəqiqədə elektrik enerjisi kəsilib, oyun generatorlar işə salındıqdan sonra davam etdirilib. Növbəti texniki problem qarşılaşmanın 90-cı dəqiqəsində qeydə alınıb. Beləliklə, oyunda üst-üstə 27 dəqiqəlik məcburi fasilə yaranıb.
"Trabzonspor " isə səfərdə Polşada "Legiya" ilə qarşılaşıb. Oyun Polşa klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə "Trabzonspor" qrupu ikinci pillədə tamamlayıb. 10 xalı olan Türkiyə klubu "Lokeren" komandası ilə şəxsi görüşlərin nəticəsinə görə daha üstün olub və 1/16 finala yüksəlib.