İŞİD təhlükəsi altında Kərbəla ziyarəti
Milyonlarla şiə müsəlman İraqın Kərbəla şəhərinə yollanır. Bu həftə orda Kərbəla hadisələrinin 40 günü ilə bağlı mərasimlər keçiriləcək.
APA TV-nin xəbərinə görə, kütləvi ziyarət İŞİD terror təşkilatının hədələri fonunda baş tutur. İraqda bununla bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Bağdadın 100 kilometrliyində yerləşən Kərbəlaya qonşu İrandan artıq yüz minlərlə zəvvar yollanıb.
Qeyd edək ki, İraqın baş naziri İŞİD-in hücumlar hazırladığı barədə xəbərdarlıq edib. Zəvvarlar bəyan edirlər ki, terrorçuların hədələrinə baxmayaraq, Kərbəla ziyarətinə yollanıblar. Onlar bu addımlarını terrorçuluğa cavab kimi qiymətləndirirlər, Yaradana inanırlar və başlarına heç nə gəlməyəcəyinə əmindirlər.
Digər ölkələrdən Kərbəlaya zəvvar axınının artmasının səbəblərindən biri də İraq hökumətinin dini mərasimlərdə iştirak məqsədilə bu ölkəyə gələnlər üçün viza rüsumunu ləğv etməsidir.
Xatırladaq ki, 1371 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 72 tərəfdarı ilə birlikdə şəhid olub. Onun məzarı Kərbəladadır.