Lənkəranda səhər partlayış baş verən ev axşam yandı
Lənkəranda partlayış baş vermiş evdə güclü yanğın olub. APA TV-nin cənub bürosunun məlumatına görə, yanğın dekabrın 11-də saat 18.30 radələrində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin əvvəlcə 4, daha sonra əlavə olaraq 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində güclü alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı ikimərtəbəli ev içindəki əşyalarla birlikdə yanaraq, kül olub.
Qeyd edək ki, Liman şəhəri, M.Ə. Rəsulzadə küçəsi, 167 ünvanında dekabrın 11-də səhər saatlarında baş verən partlayış nəticəsində ev sahibi İsmayıl Zərbiyev, onun həyat yoldaşı Elnarə Zərbiyeva, uşaqları Aysel, Kənan və Nərmin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Partlayış baş verən evin bir hissəsi güclü zərbədən dağılıb.
İlkin versiyaya görə, partlayışa qaz sızması səbəb olub.
Hazırda hər iki fakt üzrə araşdırmalar davam etdirilir.