MTN-nin Akademiyasında Heydər Əliyevin xatirəsi anılıb

 

Milli Təhlükəsizlik Nazirliyində (MTN) Heydər Əliyevin xatirəsini anım tədbirləri keçirilib. Nazirliyin İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, nazir, general-polkovnik Eldar Mahmudov və nazirliyin şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Sonra anım mərasimi nazirliyin Heydər Əliyev adına Akademiyasında davam etdirilib.

 

Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək bildirib ki, Heydər Əliyev istər sıravi və istərsə də rəhbər vəzifələrdə işləyəndə daim öz nizam-intizamı, işə tələbkarlığı ilə seçilib. Qeyd olunub ki, Heydər Əliyev siyasəti ölməzdir və bu strateji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir.

 

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, dahi şəxsiyyətin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan danışıb, onun ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildiriblər.

 

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmi nümayiş etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv