Xələf Xələfov: "Türkiyə-Rusiya münasibətlərinin inkişafı Azərbaycanın maraqlarına uyğundur"
"Türkiyə-Rusiya münasibətlərinin inkişaf etməsi Azərbaycanın maraqlarına uyğundur. Biz bunu alqışlayırıq".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, region dövlətləri arasında münasibətlərin möhkəmlənməsi, əlaqələrin genişlənməsi, yeni layihələrin həyata keçirilməsi regionun təhlükəsizliyinin və sabitliyinin möhkəmlənməsinə xidmət edir: "Regionda sabitlik mühitinin artması, etimad mühitinin daha da yeni səviyyədə inkişaf etməsi mövcud olan bütün münaqişələrin həllinə müsbət təsir göstərə bilər. Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda vasitəçi həmsədr ölkə kimi, Türkiyə regionda vacib rol oynayan, Ermənistanla həmsərhəd dövlət kimi bu münaqişənin həll olunmasında böyük təsir gücünə malikdir".
Nazir müavinin Türkiyə və Rusiyanın Azərbaycanla həmsərhəd, regionun aparıcı dövlətləri olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan hər iki dövlətlə əlaqələri yüksək səviyyədə qurmağa çalışır və Azərbaycanın bu ölkələrlə yüksək etimada söykənən strateji münasibətləri var.