Səfir: "TANAP layihəsi addım-addım irəliləyir"
"TANAP layihəsi planlaşdırdığımız kimi addım-addım irəliləyir".
APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Türkiyədə boru xətti layihəsinin reallaşdırılması ilə bağlı işlər aparılır: "Asan iş deyil, çünki Türkiyədəki işlərlə buradakı işlərin sinxronizasiyasına ehtiyac var. Vaxtilə BTC əlçatmaz xəyal idi. Bu gün artıq olmuş bir iş barəsində danışırıq. Eyni şey TANAP-la da bağlıdır, biz bunu bacaracağıq".
Səfir Türkiyə və Rusiyanın energetika sahəsində yaxınlaşmasının Azərbaycanla layihələri 2-ci plana atacağı ilə bağlı xəbərləri spekuliyasiya adlandırıb: "TANAP-la bu qədər irəliləmə olduğu bir vaxtda Türkiyənin TANAP-la bağlı proqnozları zəiflədəcək bir addım atması və ya ata biləcəyini düşünmək inandırıcı deyil. Hamısı həyata keçdikdə bir-birini tamamlayacaq layihələr kimi görünməlidir".
Türkiyəli səfir Bakı-Tbilisi-Qars dəmiryol xəttinin enerji layihələrindən daha uzun müddətli və böyük nəticələr verəcək layihə olduğunu diqqətə çatdırıb.