Azərbaycan-İran sərhədində yeni gömrük-keçid məntəqələri açılacaq
"Azərbaycan İranla sərhəddə yeni gömrük-keçid məntəqələri açmağı planlaşdırır".
APA TV-nin məlumatına görə, bunu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev deyib. Onun sözlərinə görə, xüsusilə Biləsuvar rayonu ərazisində gömrük-keçid məntəqəsinin açılmasında zərurət var: "Bu istiqamətdə danışıqlar aparılır və demək olar ki, razılıq əldə olunub. Bundan başqa, İran tərəfi Biləsuvar gömrük-keçid məntəqəsinin 24 saatlıq iş rejimində işləməsi üçün razılıq verib. Bilirsiniz ki, orada intensivlik müşahidə olunur. Həmin məntəqənin 24 saatlıq iş rejiminə keçməsi Naxçıvana aparılan yüklərin sutka ərzində Muxtar Respublika ərazisinə çatması baxımından vacibdir".
Komitə sədrinin müavini bildirib ki, Azərbaycan tərəfi gələcəkdə “Xudafərin” gömrük-keçid məntəqəsinin açılmasında da maraqlıdır.
Son zamanlar Gürcüstanla sərhəddəki gömrük-keçid məntəqəsində yaranan növbəyə münasibət bildirən sədr müavini deyib ki, buna səbəb Yeni il bayramı öncəsi ölkəyə gətirilən mallara nəzarətin gücləndirilməsidir:"Heç bir nəqliyyat vasitəsi ilə bağlı ayrıca təlimat verilmir. Sadəcə elə nəqliyyat vasitələri var ki, onlar vasitəsi ilə qaçaq mal daşınır. Bizim əlimizdə faktlar var. Söhbət tütün məmulatları, telefon, pirotexniki vasitələr, spirtli içkilərdən gedir".
Onun sözlərinə görə, son zamanlar pirotexniki vasitələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi halları artıb.