Mədət Quliyev: “Leyla Yunusla bağlı yayılan məlumatlar yalandır”

"Sülh və Demokratiya İnstitutunun həbsdə olan sədri Leyla Yunus istintaq təcridxanasında cəzaçəkmə müəssisələrində olan qaydalara uyğun şəkildə saxlanılır. Bəzi KİV-də həqiqətəuyğun olmayan, gülünc məsələ irəli sürülüb ki, guya ona yemək, dərmanlar verilmir".

 

APA TV-nin məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Leyla Yunusun saxlanılma şəraitindən narazılıq olması, ona qarşı təzyiqlər edilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib: "Bir sıra KİV-lərdə yazılan məlumatlar yalandır. Təqsirləndirilən şəxs Leyla Yunus digər təqsirləndirilən şəxslərlə bir yerdə saxlanılır. Ona heç bir təzyiq olmayıb və ola da bilməz”. 

 

Xidmət rəisi bildirib ki, bir sıra QHT-in nümayəndələri Leyla  Yunusun səhhəti ilə maraqlanıblar. Onun səhhətində heç bir problemin olmadığını görüblər. Leyla Yunus hətta həkimləri təhqir edib, onlara ağır sözlər deyib, özünü tərbiyəsiz aparıb.

 

Mədət Quliyev deyib ki, həbsdə olan jurnalist Xədicə İsmayıl da eyni qayda ilə saxlanılır: “O, da təqsirləndirilən şəxsdir, həmin qayda ilə ona da diqqət var. Amma görürsünüz ki, o da deyir ki, saxlanma şəraiti normaldır. O qarşı da heç bir təzyiq yoxdur”.

 

Mədət Quliyev onu da bildirib ki, son illərdə Azərbaycanda 10 cəzaçəkmə müəssisəsi istifadəyə verilib, 7 müəssisə isə tikilmək üzrədir.

 

Müəllif | Apa.Tv