Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Yuxarı Tala kənd sakinləri 45 yaşlı İsmayıl Kərimovun idarə etdiyi “VAZ 21014” markalı avtomobillə 23 yaşlı İlkin Şabanovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.
Qəza nəticəsində xəsarət alan İsmayıl Kərimov və onun sərnişini Ramiz Əlicanov Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıblar. Ramiz Əlicanov orada ölüb.
İsmayıl Kərimovun vəziyyəti isə orta-ağır hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.