"Qarabağ"ın vitse-prezidenti: "UEFA-ya şikayət edəcəyik"
"Qarabağ”ın vurduğu qol təmiz qol idi. Biz dekabrın 15-də Liona püşkatmaya getməli idik. Həmin günü həsrətlə gözləyirdim”.
APA TV-nin xəbərinə görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən keçirilən “Qarabağ” – “İnter” oyununun görüntülərinə şərh verən klubun vitse-prezidenti Tahir Gözəl belə deyib. O bildirib ki, hakimin səhv qərarı ilə qələbə əllərindən alınıb: "Uzun şərhə ehtiyac yoxdur. Bir yerdə videoya baxdıq. Mən dünən oturduğum yerdən yaxşı görmədim. Dedim ki, epizoda klub olaraq baxıb, qiymət verəcəyik. Bugünkü texnologiya imkan verir ki, epizodu düz qiymətləndirək. Dünən biz “İnter”i 1:0 udduq".
Vitse-prezident bildirib ki, bu qərarla bağlı UEFA-ya şikayət edəcəklər: "Biz güman edirik ki, hakimin səhvini onlar təsdiqləyəcəklər. Bu, nəticəni dəyişməsə də, mənəvi cəhətdən önəmlidir. Tarixi qələbə əlimizdən alındı. Həyat davam edir. Siz “Qarabağ”ın təsislərinin şahidi olmusuz".
AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov isə bildirib ki, bu cür qərar zamanı oyunun yenidən keçirilməsi mümkün olmasa da, hakimlər cəzalandırıla bilər.
Oyundan kənar vəziyyətdə qol vurulur, yaxud penalti səhv verilir, qol sayılmır. Bunlara görə oyun sayılmır. Ancaq 2 alır. UEFA hakimləri tərəfindən bu cür qərar qəbul olunması ağlasığmazdır. Adi bir epizoddur. Bizdə fakt yoxdur. Amma bu cür kobud səhvə yol vermək bunların altında nəsə gizlənir.
Tahir Gözəl bu vaxta qədər "Qarabağ"ı dəstəkləyən azarkeşlərə təşəkkür etməyi də unutmayıb.
Qeyd edək ki, dünən “Qarabağ” və “İnter” klubları arasında baş tutan Avropa Liqası qrup oyununda hakim tərəfindən müəammalı qərar qəbul edilib. Baş hakimi oyunun son dəqiqələrində “Qarabağ”ın hesabda fərqlənməsinə baxmayaraq, qolunu qeydə almayıb. Nəticədə oyun 0:0 hesabı ilə bitib. Ağdam təmsilçisini növbəti mərhələyə adlaya bilməyib.