Bakıda sərxoş sürücü qəza törətdi; xəsarət alan var
Bakının Suraxanı rayonunda sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəza zamanı Babək Bayramovun idarə etdiyi "Mercedes"lə Mübariz Məmmədovun idarə etdiyi "BMW" toqquşub. Nəticədə sürücü Mübariz Məmmədov xəsarət alıb. O, təcili yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilkin yardım göstərilib, hazırda vəziyyəti yaxşıdır.
Qəza zamanı avtomobillər yarasız hala düşüb. Əraziyə Dövlət Yol Polisinin Suraxanı Rayon Şöbəsinin əməkdaşları gəliblər. "Mercedes"in sürücüsü Babək Bayramov içki testinə cəlb edilib. Məlum olub ki, o sərxoşdur. Sərxoş sürücünün maşını cərimə meydançasına özü isə, ifadəsinin alınması üçün polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.