Yol polisi narkotikdən istifadə edən sürücüləri belə ifşa etdi GÖRÜNTÜ

BDYPİ-nin  Yol Potrul Xidmətinin əməkdaşları  Ağdaş,  Yevlax   və  Göyçayda   reyd keçiriblər. Reyd zamanı  qaydanı pozan sürücülər tibbi müayinəyə cəlb edilərkən onlardan 6 nəfərin narkotik maddə qəbul edərək nəqliyyat vasitəsini idarə etdiyi müəyyən olunub. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov   APA  TV-nın yerli bürosuna bildirib ki, narkotikdən istifadəni müəyyən etmək üçün yol polislərinə narkotestr verilib. Həmin cihazlar vasitəsilə sürücülər müayinə edilir. Reyd zamanı  sürücülük vəsiqəsi evdə qalan sərnişin avtobusunun sürücüsü ilə yanaşı, başqa şəxsə məxsus olan  avtomobili idarə edən 15 yaşlı  yeniyetmə də aşkar edilib. 500-dən çox sürücü barəsində inzibati tədbir görülüb.  3 rayonda keçirilən reyd zamanı yol polisi əməkdaşlarının qanuni tələbinə qəsdən əməl etməyən və ona müqavimət göstərən 3 nəfər şəxs saxlanılıb, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə materiallar tərtib olunaraq məhkəməyə göndərilib. Reyd zamanı 200-dən çox sürücü təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı, 5 sürücü avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub. Qeyd  edək  ki , dekabrın ötən 11 günü ərzində  ölkədə 104 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bu hadisələr zamanı 29 nəfər dünyasını dəyişib, 137 nəfər xəsarət alıb. 

 

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov