Yeni ildən əlilliyin təyini ilə bağlı arayışlar ləğv olunacaq

Əlillərin təyini ilə bağlı elektron informasiya sistemi artıq işə düşüb. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib. O, bildirib ki, artıq respublika üzrə 240 mindən artıq əlil  bu vahid elektron informasiya sisteminə daxil edilib.

 

"Vahid elektron informasiya sistemində Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına uyğun xəstəlikləri daxil etmişik . Bu bir yenilikdir. Əlillik həmin təsnifata uyğun olaraq müəyyən ediləcək. Yəni bir il ərzində həmin şəxs bərpa prosedurlarından keçməlidir. Yanvar ayından artıq arayışlar da ləğv olunacaq. Vətəndaşa birbaşa çıxarış veriləcək".

 

Natiq Məmmədovun sözlərinə görə, respublika üzrə bu gün əlilik göstəricisi 5,2 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi statistikasına görə, bu göstərici dünya üzrə 15 faizdir. Yaxın zamanlarda "forma 88"i də  Səhiyyə Nazirliyindən elektron formada almaq mümkün olacaq. Qeyd edək ki, dekabrın 13-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayonu üzrə 1 saylı və Suraxanı rayonu üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyaları  üçün yeni inzibati binaların açılışı olub. Nazir müavini nazirliyin bütün fəaliyyət sahələrində olduğu kimi, tibbi-sosial ekspertiza xidməti sahəsində də əhaliyə xidmətin təkmilləşdirilməsi işlərinin aparıldığını vurğulayıb. O, bildirib ki, artıq TSEK-lər müvafiq bölgələr üzrə fəaliyyət göstərdiyi yeni inzibati binalarda müasir iş şəraiti, ekspertiza cihazları, məişət avadanlığı ilə təmin olunurlar.

"Burada əhalinin sosial müdafiəsi mərkəzi, əmək müfəttişliyi, dövlət məşğulluq xidməti və tibbi sosial ekspert komissiyaları vahid bir binada yerləşdiriliblər. Hesab edirəm ki, bu işimizin yüngülləşdirilməsi, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, digər tərəfdən də vətəndaşlarımıza bir binadan xidmət göstərilməsinə gətirib çıxaracaq".

Son bir neçə ayda nazirliyin bu günkü komissiyaları da daxil olmaqla 12 bölgə üzrə TSEK-i yeni inzibati binada müasir iş şəraiti ilə təmin edilib. Qısa müddətdə bütün TSEK-lərin belə iş şəraiti ilə təmin olunmaları həyata keçiriləcək. Tədbirlərdə TSEK-lərin yeni iş şəraiti və müayinə avadanlığına baxış olub, komissiyaların kollektivinə müvafiq tapşırıqlar verilib.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova