Azərbaycanda iqtidar-müxalifət dialoqu keçirilib
Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilib. APA TV-nin məlumatına görə, görüşdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak ediblər. Əli Həsənov çıxışında Azərbaycan hakimiyyətinin bütün dövrlərdə daim dialoqa hazır olduğunu deyib. Onun sözlərinə görə, ölkə prezidenti də dəfələrlə bəyan edib ki, Azərbaycanda davamlı olaraq siyasi islahatlar getməlidir, dövlət idarəçilik sistemi, siyasi sistem təkmilləşdirilməlidir:
“Siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əlbir işləyən hakimiyyətlər həmişə güclü olur. Bir ölkədə baş verən proseslərə yalnız bir nöqteyi-nəzərdən yanaşanda, opponentsizlik müəyyən qədər də hakimiyyətin zəif tərəfi olur. Biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq siyasi opponentlərimizlə konstruktiv əməkdaşlığa, dialoqa həmişə açıq olmuşuq və açıq olmaqda davam edəcəyik”.
Daha sonra görüş mətbuata qapalı keçirilib. Görüşdən sonra mətbuat konfransı keçirən Əli Həsənov görüşün detallarını açıqlayıb. O bildirib ki, görüşdə 17 müxalif partiyası təmsil olunub. Onun sözlərinə görə, 3 saata qədər davam edən görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları düşündürən və dövlətin iqtisadi, siyasi, sosial, beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər haqqında danışılıb.
“Bu görüşün davamlı olması həm hakimiyyət tərəfindən, həm də siyasi partiyalar tərəfindən çox zəruri həqiqət kimi qəbul olundu. Qərara gəldik ki, bundan sonra da onları maraqlandıran, narahat edən məsələlər birgə müzakirə edilsin və ortaq nəticəyə gəlinsin".
Şöbə müdiri qeyd edib ki, bugünkü görüşdə həm siyasi partiyaların, həm hakimiyyətin, həm də azad medianın fəaliyyətinə aid olan məsələlər müzakirə olunub, açıq fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin siyasi partiyaların maliyyələşməsi, mənzil qərargahla təmin olunması, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak məsələləri, partiyalar və seçki institutlarının fəaliyyəti müzakirə olunub:
“Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də mövzular təxmin olundu. Hakimiyyət nümayəndəsi olaraq biz onları dinlədik, fikirlərini ümumiləşdirdik və nəticələri müvafiq olaraq qərar qəbul eləyən dövlət strukturlarının rəhbərlərinə, o cümlədən də ölkə prezidenti cənab İlham Əliyevə çatdıracağıq”.
Əli Həsənov onu da qeyd edib ki, müxalif partiyaların hamısı dialoqda iştirak etməyib. Onun sözlərinə görə, görüş bugünkü tədbirdə iştirak edən 17 partiyadan 8-nin təşəbbüsü ilə keçirilib. PA rəsmisi bildirib ki, gələcəkdə bütün siyasi partiyaların bu görüşlərə dəvət olunması ilə bağlı da müzakirələr aparılıb.