Türkiyədə "paralel yapı" əməliyyatı: 27 jurnalist və polis əməkdaşı tutuldu
Türkiyədə aralarında jurnalistlərin də olduğu bur qrup şəxsin həbs ediləcəyi barədə bir neçə gündür, sosial şəbəkələrdə yayılan iddialar ötən gün təsdiqlənib. "Paralel yapı" iddiaları ilə əlaqədar İstanbul və Ankara da daxil olmaqla 13 bölgədə əməliyyat keçirilib.
APA TV-nin xəbərinə görə, aralarında təhlükəsizlik orqanlarının əməkdaşları və jurnalistlərin də olduğu 31 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Onlardan 27 nəfəri artıq saxlanılıb. Şübhəlilərin hamısının evlərində və iş yerlərində axtarış aparılıb.
Əvvəllər həbs olunan 5 polis əməkdaşının da son əməliyyat çərçivəsində dindiriləcəyi gözlənilir. Onlar saxlanıldıqları Silivri həbsxanasından məhkəməyə aparılacaqlar.
Əməliyyat çərçivəsində polis əməkdaşları "Zaman" qəzetinin redaksiyasına gedib və bir neçə sonra dəqiqə oranı tərk ediblər. Redaksiyanın binası önündə açıqlama verən baş redaktor Əkrəm Dumanlı həbsini gözlədiyini bildirib. Redaksiyanı tərk edən polis əməkdaşları bir qədər sonra Əkrəm Dumanlının həbsi üçün geri qayıdıblar. Həmin vaxt millət vəkili Hakan Şükür də baş redaktorun yanında olub. Daha sonra sabiq daxili işlər naziri İdris Naim Şahin də gəlib.
Polis əməkdaşları "Samanyolu" yayım qrupunun prezidenti Hidayət Qaracanı da həbs ediblər. Onun vəkili isə jurnalistlərə bildirib ki, qurumun 10-a yaxın əməkdaşı barəsində həbs qərarı çıxarılıb. "Zaman" qəzetinin keçmiş yazarı Hüseyn Gülərcənin də barəsində həbs qərarı çıxarılanlar arasında olduğu bildirilir.
Tutulanlar arasında İstanbul Terrorla Mübarəzi Şöbəsinin keçmiş rəisi Tufan Ərgüdər, "Ergenekon" və "Balyoz" adlı işlər çərçivəsində əməliyyatlarda iştirak etmiş İstanbul Mütəşəkkil Çinayətlərlə Mübarizə Şöbəsinin müdiri Mutlu Ekizoğlu da var. Bundan başqa, Batman, Mardin, Şanlıurfa və Tuncelidə də polis zabitləri həbs edilib.
Samanyolu TV-də yayımlanan "Sunqurlar" və "Tək Türkiyə" seriallarının rejissor və ssenari müəllifləri də tutulanlar arasındadır.
14 dekabr əməliyyatı Türkiyədə gündəm mövzusuna çevrilib. Müxalifət, xüsusilə, Cümhuriyyət Xalq Partiyası baş verənləri hakimiyyətin mətbuat azadlığı və demokratiyaya qarşı qiyamı kimi qiymətləndirib. Türkiyənin baş naziri Əhməd Davudoğlunun isə məsələyə reaksiyası sərt olub.
Saxlanılanların vəkillərinin bildirdiyinə görə, onlara qarşı "Türkiyə dövlətinin suverenliyini ələ keçirmək üçün təzyiq, qorxutma və təhdid formalarından istifadə edərək təşkilatlanmaq, eyni zamanda iftira, şəxsi azadlığından məhrum etmə cəhdi və sənədlərin saxtalaşdırılması” iddiası irəli sürülüb.
Rəsmi "Anadolu" agentliyi isə aparılan əməliyyatı “Tahşiyeciler” adlandırıb. Agentlik yazıb ki, saxlanılanlar 2009-cu ildə "Tahşiyecilər" olarak bilinən qrupa qarşı hazırlanmış əməliyyatla bağlı “cinayət və dəlil uydurublar”.
Qeyd edək ki, əməliyyat aparılan media qurumları ABŞ-da yaşayan Fətullah Gülənin mediası kimi tanınır.