Masallıda 38 yaşlı qadının evi yandı
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Dadva məhəlləsində 38 yaşlı Ülviyyə Nəsrəddin qızı Kərimovaya məxsus ikimərtəbəli, 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və güclü alov dalğasının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 198 kvadratmetr olan evin 110 kvadratmetrlik hissəsi, o cümlədən dam örtüyü, iki otağı və dəhlizi içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
Yanğının başvermə səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.