Hələb uğrunda şiddətli döyüşlər gedir


Suriyanın ikinci böyük şəhəri Hələb ətrafında hökumət qoşunları və üsyançı silahlı dəstələr arasında döyüşlər şiddətlənib. APA TV xəbər verir ki, Hələbdən ziddiyyətli məlumatlar gəlir.

 

Suriya ordusundakı mənbənin "Sputnik" agentliyinə verdiyi məlumata görə, hökumət qoşunları Hələb ətrafındakı strateji mövqeləri ələ keçirib və şəhər tam mühasirəyə düşüb. Ordu rəsmiləri iddia edirlər ki, Hələbin şərq ətrafında Türkiyə ilə həmsərhəd məhəllələr nəzarətə götürülüb. Rəsmi Dəməşq müxalifət cəbhəsində döyüşənlərin bir hissəsinin Suriyaya Türkiyə ərazisindən keçdiyini və hazırda bunun qarşısının alındığını bildirir. Suriya ordusundan verilən daha bir məlumata görə, Hələb ətrafındakı döyüşlərdə çoxlu sayda döyüşçü öldürülüb.

 

Hələb şəhərinin mərkəzini nəzarətdə saxlayan "İslami Cəbhə" isə fərqli məlumatlar yayır. Türkiyənin "Anadolu" agentliyinin qruplaşmaya istinadən yaydığı məlumata görə, şəhərin şimalındakı Nubul və Zəhra kəndləri ətrafında hölumət qoşunlarının mövqelərinə top zərbələri endirilib, 10 əsgər ölüb.

Hələbdəki yerli fəallar bildiriblər ki, hökumət qoşunları Hələbi mühasirəyə almaq üçün dörd tərəfdən hücuma keçir. Müxaliflərin şəhərdən yeganə çıxış nöqtəsi olan Kastelo bölgəsinə hücumlar daha intensif xarakter daşıyır. Müxalifət cəbhəsi bəyan edib ki, qış aylarının gəlməsi ilə Hələbdə humanitar vəziyyət get-gedə pisləşir.

Müəllif | Apa.Tv