Şabranda dəvəçilik təsərrüfatı genişləndirilir

Dəvədən qədim dövlərdə yük daşınmasında istifadə edilirdisə, indi vəziyyət başqadır. Hazırda "Səhra gəmiləri"ndən gəlirli fermer təsərrüfatı qurmaq mümkündür. Bu heyvanların ətini, südünü, yununu bazara çıxarmaqla gəlir əldə etmək olar. Heyvanları saxlamaq isə təsərrüfat sahibindən o qədər də vəsait tələb etmir. Şabranda yaradılan dəvə təsərrüfatının da əsas məqsədi "Səhra gəmiləri"nin artırılmasından ibarətdir.

 

Şabran ölkədə dəvə təsərrüfatı olan sayca 7-ci və hələ ki, sonuncu regiondur. Dəvəçiliyin inkişaf etdirilməsi üçün əlverilşli coğrafi mövqeyə malik rayonun Udulu kəndinə “Səhra gəmiləri” 7 il öncə gətirilib. O vaxt 4 dəvə saxlanılan təsərrüfatda indi nəhəng heyvanların sayı 9-a çatıb. Fermer Həsən Əliyev APA TV-yə deyib ki, təsərrüfatındakı dəvələri Abşerondan gətirib. Məqsədi isə bu heyvanların sayını artıraraq dəvəçilik təsərrüfatı genişləndirməkdir.

 

Həsən Əliyev bildirir ki, dəvələr 15-16 km məsafə qət etdikdən sonra saxlanıldığı yerə qayıtmaqda çətinlik çəkmir. Bu heyvanın əti kimyəvi tərkibinə görə mal ətindən zəngindir və südünün yağlılığı 50 faizdən çoxdur. 

 

Dəvə 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilir və uzun müddət susuz qala bilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan