Xoyda ermənilərin törətdiyi qırğınların şahidi olan Daş Darvaza – XÜSUSİ REPORTAJ

Daş darvaza. Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin simvolu. Əvvəllər şəhərin giriş qapısı olmuş bu darvaza ilə bağlı maraqlı tarixi faktlar var. Xoy camaatı hər gələn qonağa bu faktları həvəslə danışır. Ermənilər tarixdə bir neçə də türklərə qarşı kütləvi qırğın törədiblər. Bu qırğınlardan birinə haqqında danışacağımız bu Daş Darvaza şahidlik edib. Bu darvaza həmçinin Xoy əhalisinin qırğınlar törədən erməni quldurlara qarşı müqavimətinin də cansız şahididir. 

1915-ci ildə çar Rusiyası İranı tərk etdikdən sonra silahlarını burada məskunlaşdırılmış ermənilərə təhvil verirlər. Ermənilər isə daxildə qarşıdurmalar, gərginliklər yaratmaq üçün bir neçə şəhərlərə hücum edir. Bu gördüyümüz darvaza Xoy şəhərinin giriş darvazasıdır və darvazada Xoy şəhərində ermənilərlə döyüşün yadigarı olan güllə izləri hələ də qalmaqdadır. 

Bu qırğın ssenarisi bizə 1918-ci il mart qırğınlarından, azərbaycanlılara qarşı törədilən soyqırımı faktlarından tanışdır. Hər yerdə xalqımıza qarşı ermənilərin törətdiyi cinayətlər eyni ssenari üzrə həyata keçirilib. "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər hər zaman böyük dövlətlərin əlində alət olub və bundan əziyyət çəkən isə təəssüf ki, bizlər olmuşuq. 

Əslində Rusiya imperiyasının məqsədi bu torpaqlarda möhkəmlənmək olub. Rusiyanın ermənilərdən istifadə edərək İranda möhkəmlənmək planından ən çox əziyyət çəkən də soydaşlarımızdır. Urmiya və Səlmasda azərbaycanlılara qarşı qırğınlar xüsusi amansızlıqla həyata keçirilib. “Böyük Ermənistan” yaratmaq eşqinə düşən ermənilər Xoy şəhərini ələ keçirmək və burada möhkəmlənmək məqsədilə böyük hərbi qüvvə toplayır və şəhərə hücum edirlər. Bir neçə gün davam edən qanlı toqquşmalardan sonra ermənilər böyük itki ilə geri çəkilməli olurlar. 

Xoy əhalisi bu qürurverici faktı çox böyük həvəslə hamıya danışır. Ermənilərlə qanlı döyüşlər barədə söhbətləri bu döyüşlərin canlı şahidlərinin dilindən eşidən soydaşlarımız da var. 

Bu darvaza haqqında danışdığımız bu qırğınlara şahiddir. Darvazanın üzərindəki iki şir simvoluna atılmış güllə izləri bunu sübut edir. Bu simvollar torpağı qorumaq, güc, şücaət mənası daşıyır. 

İndi isə keçək həmin tarixi qoruyub saxlayan Daş Darvaza və ya Qala qapısının tarixinə. Bu qapı vaxtilə Xoy şəhərinin cənubdan giriş qapısı olub. 

Xoyun 4 daş darvazası olub. O biriləri məhv edilib. Yalnız cənuba tərəf olan bu daş darvaza qorunub saxlanıla bilib. Elxanilər dövründə düzəlib, sonra isə Qacarlar dövründə yenidən bərpa edilib. 

Fransalı səyyah Duo Qoubino xatirələrində Xoyu gözəl şəhər adlandırır: SİTAT “Onun Misir üslubuna məxsus daş darvazası qara və ağ daşlardan tikilib. Mən İranın başqa heç bir yerində belə bir tikili görməmişəm". 

 

İranın Mədəni İrslərin Qorunması Təşkilatının Xoy şəhəri üzrə İdarəsinin əməkdaşı olan Rza Bayramzadənin sözlərinə görə, Xoy darvazası Elxanilər dövründə tikilib. Qacarlar dövründə bərpa edilib. Tarixçinin sözlərinə görə, bu giriş qapısından başlayaraq mərkəzə kimi uzanan Xoyun məşhur üstüörtülü bazarını isə Şah Təhmasib tikdirib. Bu bazarın Səfəvilər dövründə tikildiyini sübut edən daş yazı hazırda muzeydə qorunur. Bazarın uzunluğunun Kəbə yaxınlığındakı Səfa və Mərvə dağları arasındakı məsafəyə bərabər olduğu deyilir.

Xoy şəhəri ticarət yollarının üzərində yerləşdiyindən buranın bazarı da çox məşhur olub. Hazırda bazarda əsasən yerli mallar və Çin istehsalı olan məhsullar satılır. Orta əsrlərdə başqa ölkələrdən bura ticarətə gələn tacirlər üçün tikilmiş karvansara da qorunub saxlanılır. 

Xoy İranın azərbaycanlıların əksəriyyət təşkil etdiyi şəhərlərindən biridir. Bura həm də görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin ata yurdudur. Xoyun bir tarixi özəlliyi də Şah İsmayıl ilə Yavuz Sultan Səlim arasındakı Çaldıran döyüşünün bu ərazidə baş verməsidir. XVIII əsrdə bu ərazilərdə yaranan Azərbaycan xanlıqlarından biri də Xoy xanlığı olub. Xanlığının əsasını məşhur Dünbuli tayfa başçıları qoyub. İranın bundan əvvəlki prezidenti olmuş Mahmud Əhmədinejad da vaxtilə Xoy şəhərinin rəhbəri olub.

Müəllif | Apa.Tv
Apa.tv