OPEC ölkələri neft ixracatını azaltmayacaq

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft ixracı ilə bağlı kvotanı azaltmayacaq. APA TV-nin xəbərinə görə, bu barədə təşkilatın Dubayda keçirilən toplantısında qərar verilib. Qurumun baş katibi Abdulla əl-Bədri noyabr ayında ixracın sutka ərzində 30 milyon barel saxlanılması barədə qərarı xatırladaraq neftin qiymətinin 5 illik minimuma çatmasına baxmayaraq, ixracın miqdarının dəyişməyəcəyini bildirib. Baş katib qərarın yekdilliklə qəbul edildiyini diqqətə çatdırıb. Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl Məhəmməd əl-Məzrui də neftin qiymətinin 40 dollara düşsə belə, ixracın dəyişməyəcəyini bildirib.

 

Qərarın Rusiyaya ziyan vermək məqsədi ilə verildiyi barədə məlumatlara münasibət bildirən Abdulla Əl-Bədri bu addımın Amerikanın xeyrinə Rusiya və İrana qarşı qəbul edilmədiyini qeyd edib.

 

OPEC ölkələrinin 166-cı görüşündə həmçinin "Qara qızıl"ın ixracının azaldılması ilə bağlı məsələnin 2015-ci ilin iyununda yenidən müzakirə ediləcəyi ilə bağlı qərar verilib.

 

Xatırladaq ki, dekabr ayında OPEC neftinin bir bareli 65,65 dollara düşüb. Sentyabr ayında bu rəqəm 95,98 dollar olub.

 

Müəllif | Apa.Tv