İrandan 35 kq narkotikin Azərbaycana daşınmasının qarşısı alınıb
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana ümumilikdə 35 kiloqram 500 qramdan artıq narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınıb.
Nazirliyin İctimai Əlaqələr İdarəsindən APA TV-ya verilən məlumata görə, Azərbaycan vətəndaşları - Bunyadov Taleh Mahmud oğlu, Əhmədov İbrahim Talıb oğlu və Məmmədov Ceyhun Rəhim oğlu şübhəli şəxs qismində saxlanılıb, onlardan külli miqdarda narkotik vasitə olan - 3 kiloqram 97 qram heroin və 27 kiloqramdan artıq tiryək aşkarlanıb.
Nazirlik tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşları - Əhmədov Rəşad Vidadi oğlu və Qarayev Adil Dövlət oğlu saxlanılıblar. Keçirilən baxış nəticəsində onlardan 4 kiloqram 952,90 qram tiryək götürülüb.
Daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan vətəndaşı Məmmədov Nurəli Eldar oğlu saxlanılıb, ondan 500 qramdan artıq heroin aşkarlanıb.
Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.