Lənkəranda qəribə heyvan skeleti tapılıb

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində, Xəzər dənizinin sahilində  qəribə heyvan skeleti tapılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, yerli sakinlərin aşkarladığı skeletin uzunluğu təxminən 1,30 metrdir.

Skelet yırtıcı dişləri olan kəllədən, boyun fəqərələrinə bitişik qabırğa və onurğadan, aşağı ətraf sümüklərindən ibarətdir. Yerli sakinlər ərazidə iki ayağı və yırtıcı dişləri olan belə bir heyvana birinci dəfə rast gəldiklərini bildiriblər. Naməlum heyvan Azərbaycan ərazisində nadir hallarda rast gəlinən çupakabraya bənzəsə də, fərq ondadır ki, bu skeletin yuxarı hissəsində onun dördayaqlı olduğuna dəlalət edən hər hansı sümük çıxıntıları müşahidə olunmur. Naməlum tapıntının aşkarlandığı əraziyə baxış keçirən Lənkəran Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri də belə halla ilk dəfə rastlaşdıqlarını bildiriblər.

Mütəxəssislərin qənaətincə, bu tapıntı sahildə aşkarlansa da, dənizdə yaşayan heyvan deyil. Qəribə heyvanın cəmdəyinin bir müddət öncə baş verən daşqın nəticəsində əraziyə düşdüyü də güman olunur. Heyvan skeleti laboratoriyada ətraflı müayinə ediləcək.  

Müəllif | Apa.Tv