Sabirabadda dəhşət: Bir ailənin 5 üzvü yanaraq ölüb - YENİLƏNİB
Azərbaycanın Sabirabad rayonunda dəhşətli yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, rayonun Qaratuğay kəndində Rzayevlər ailəsində məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq ölüb.
Hadisə bu gün saat 06.30 radələrində, ümumi sahəsi 160 kv.m olan, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Yanğına səbəb elektrik enerjisinin qısa qapanması olub. Yanğın yerinə Sabirabad Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə 5 nəfərin ölümünə səbəb olub. Yanğın zamanı 47 yaşlı Rzayeva Nəzakət Hüseynağa qızı, evin gəlini 23 yaşlı Rzayeva Lamiyə Mahir qızı və onun övladları 5 yaşlı Mənsumə Rzayeva, 2 yaşlı Yağmur Rzayeva və 1 yaşlı Gülay Rzayevanın cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Bildirilir ki, yanğından xilas olan ana uşaqlarını xilas etmək üçün evə qayıdıb. Ancaq özü də körpələri ilə birlikdə yanaraq ölüb.
Evdə yaşayan 9 nəfər ailə üzvündən 4-ü xilas ola bilib. Evin digər gəlini 25 yaşlı Məlikova Sona Qürbət qızı yanıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.