Sidneydə girovların azad edilməsi zamanı 2 nəfər ölüb
Avstraliyanın Sidney şəhərində "Lindt" kafesində girovların azad edilməsi zamanı 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, polis əməliyyatın başa çatdığını bəyan edib.
Əməliyyat girovların götürülməsindən 16 saat sonra başlayıb. Yerli KİV-in məlumatına əsasən, cinayəti 49 yaşlı İran mənşəli Men Haron Monis törədib. Rəsmi Tehran Avstraliyanın Sidney şəhərində İran mənşəli şəxs tərəfindən girovların götürülməsini qətiyyətlə pisləyir. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər idarəsinin nümayəndəsi Mərziyyə Əfham bəyan edib.
“Bu kimi amansız üsullardan istifadə edilməsi və İslam naminə vahimə və təlaşın törədilməsinə heç bir halda haqq qazandırmaq olmaz”, deyə M. Əfham bildirib.
Onun sözlərinə görə, Avstraliyanın hüquq-mühafizə orqanları cinayətkarın psixoloji problemlərinin olduğunu bilib. Daha sonra Avstraliyanın baş naziri Toni Ebott məlumatı təsdiqləyərək bildirib ki, Sidneydə kafedə 17 nəfəri girov götürən şəxs bir sıra cinayətlərdə şübhəli bilinib və ruhi xəstəlikdən əziyyət çəkib. Özünü şeyx elan edən Men Haron Monis 1996-ci ildə Avstraliyaya mühacirət edib.
Qeyri-rəsmi məlumatlarda əməliyyat zamanı onun öldürüldüyü bildirilir.