Nazir: "Bakı məktəblərində təhlükəli tendensiya var"
"Bu gün Bakı məktəblərində kişi və qadın müəllimlərin sayı ilə bağlı təhlükəli tendensiya var".
APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib: "Yeni işə qəbul olunan müəllimlərin gender dinamikasında bu problem yoxdur, amma ümumilikdə götürdükdə bu məsələdə natarazlıq mövcuddur və bu, bizi narahat edir".
Nazir bildirib ki, bu tendensiya bu gün yaranmayıb və nazirliyin diqqətindədir. Bu tendensiyanın aradan qaldırılması istiqamətində görülən işlərə gəlincə, son illər ərzində Azərbaycanda müəllimlərin işə qəbulu yalnız bir meyara – peşəkar keyfiyyətlərə əsasən həyata keçirilir.
Nazir bildirib ki, Azərbaycanın uşaq ədəbiyyatında yeni məzmunlu şeirlərin, hekayələrin, nağılların yaradılmasına ehtiyac var: "Çünki xalqımızın bu sahə üzrə gözəl şairləri, yazıçıları, mütəxəssisləri var. Təhsil Nazirliyi olaraq, Yazıçılar Birliyinə, müvafiq ittifaqlara, yazıçılara müraciət edirik".
Qeyd edək ki, Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə "Mütaliə mədəniyyətinin və oxuya motivasiyasının yüksəldilməsi" layihəsinin təqdimatı keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar, Bakı və Sumqayıt məktəblərinin direktorları iştirak edib.