Komitə sədri: "İslam dinini gözdən salan radikal qruplar var"
“Azərbaycanda üç yeni tipli Cəzaçəkmə Müəssisəsi istifadəyə verilib. Respublikanın regionlarında hazırda 7 Cəzaçəkmə Müəssisəsi tikilir”.
Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev 6 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən “Din və dövlət münasibətləri” adlı tədbirdə çıxışında deyib. APA TV -nin məlumatına görə M. Quliyev bildirib ki, tikilən müəssisələr dünya standartlarına cavab verir.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam ölkələrində dini gözdən salmağa cəhd edən radikal qrupların olduğunu deyib. Onun sözlərinə görə, bu radikal qruplar müxtəlif adlar altında fəaliyyət göstərir. Həmin qrupların maliyyə mənbəyi xaricdən, xristian ölkələrindən gəlir. O qeyd edib ki, həmin qruplar İslamı gözdən salır. "Bu gün İŞİD qruplaşması var. Lakin o əvvəllər başqa adla fəaliyyət göstərmiş və islam dininə terror damğasını vurmaq üçün çalışmış qruplardan yaradılıb. Bu savaşların dinə heç bir aidiyyəti yoxdur. Saqqalı uzun, saçı dağınıq, baş kəsən, uşaq öldürən birini görən hansısa yapon, ingilis əlbəttə ki, İslam dininə gəlməz" deyə komitə sədri bildirib. Onun sözlərinə görə, XXI əsrin 14 ili ərzində müharibələrdə 1 milyon 200 min insan həlak olub ki, bunun da 80 faizi müsəlman ölkələrinin payına düşür. Bu gün 30 ölkədə müharibə gedir. Bu müharibələrdən 12-si islam ölkələrindədir.