Prezident İlham Əliyev Sabirabadda bir sıra obyektlərin açılışına qatılıb
Dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib. Dövlət başçısı rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak edib. Şəhərin mərkəzi meydanında Heydər Əliyevin abidəsini ziyarət edən prezident İlham Əliyev daha sonra Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun açılışına qatılıb.
22 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən bu yol ən müasir səviyyədə inşa edilib. Uzunluğu 46 kilometr olan yolun inşası zamanı 36 su keçidi tikilib, yol kənarlarında 900-ə yaxın yol nişanı və siqnal dirəyi, 12 dayanacaq quraşdırılıb.
Daha sonra Prezident İlham Əliyev Sabirabad şəhərində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan prezidenti Sabirabad şəhərinə içməli suyun verilməsi mərasiminə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışına qatılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Həyətdəki uşaq avtoşəhərciyində balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait yaradılıb.