Ucarda öz evindən oğurluq edən 2 nəfər saxlanılıb
Ucarda öz evindən oğurluq edən şəxslər saxlanılıb. APA TV-nin xəbərinə görə, şəhər sakini Mais Hümbətov polisə müraciət edərək evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Evə baxış və dindirilmə zamanı məlum olub ki, oğruluğu edən ev sahibinin özüdür: "Atama görə əsəbiləşdim. Yoldaşımın qızıllarını götürdüm, evi də dağıtdım ki, guya oğru girib. Yoldaşıma da demədim ki, qızılları götürməyimi istəməz, 500-600 manata görə ona əl qaldırmayım. Ailədə söz-söhbət olmasın. Aparıb satdım, bütün borclarımı qaytardım. Atamın borclarını verdim".
Analoji hadisə Ucar rayonunun Pirkənd kəndində də baş verib. 23 yaşlı Aybəniz İsmayılovanın evindən də qızıl-zinət əşyaları oğurlanıb. Polis bu dəfə də ev sahibinin öz evindən oğurluq etdiyini aydınlaşdırıb: "Özüm götürüb, 2-3 ay əvvəl satmışdım. Yoldaşım ayın axırı gəlirdi. Qorxumdan deyə bilmədim. Qayınatamdan, qayınlarımdan, atamdan, ümumiyyətlə hamıdan qorxdum. Ona görə bu yola əl atdım ki, bilinməsin. Evdə mitilləri, qabları dağıtdım. Sonra Şəhanəni çağırdım ki, evə oğru girib".
Müstəntiq Məsud Rəhimov deyib ki, araşdırma zamanı onların öz əməllərini gizlətdiyi məlum olub. Vətəndaşlar cinayət haqqında yalan xəbər vermə maddəsi ilə təqsirləndirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.