FHN yaranmasının 9-cu ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün Fövqaladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 9-cu ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar mərasim keçirilib.  APA TV-nin xəbərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri, qurumun əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.

FHN-in mərkəzi aparatında keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən nazir Kəmaləddin Heydərov nazirlik əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib. O deyib ki, peşə bayramı ərəfəsində nazirliyin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması FHN əməkdaşlarını daha səmərəli fəaliyyət göstərməyə ruhlandırmaqla yanaşı, Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.


İl ərzində ölkədə baş verən hadisələrin statistikasından danışan nazir qeyd edib ki, bu il 675 müxtəlif qəza və xilasetmə işləri həyata keçirilib: "Müxtəlif xarakterli fövqəladə hadisələr zamanı 257-si uşaq olmaqla, 651 nəfər xilas edilib. Xilasedicilər tərəfindən 204 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrdən çıxarılıb. Batmaq təhlükəsi ilə üzləşmiş 261 nəfər xilas edilib, 73 nəfərin cəsədi tapılaraq təhvil verilib. Cari ilin 11 ayı ərzində neft və qazçıxarma sahəsində, dağ-mədən, metallurgiya və emal sənayesində təhlükəli yüklərin avtomobil yolu və dəmir yolu ilə daşınmasında işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədi ilə 36 min tədbir keçirilib, 14 mindən çox təhlükəli hal aşkarlanıb, 4236 qurğu və avadanlıqdan istifadəyə qadağan qoyulub".

 

11 ayda respublika ərazisində 10 567, Bakıda 3076 yanğın hadisəsinin qeydə alındığını deyən Kəmaləddin Heydərov bildirib ki, hər gün təxminən 32 yanğın hadisəsinə çıxış olub, hər 7 gündə 1 nəfər xilas edilib: "Yanğınların söndürülməsi zamanı 123 dövlət obyekti, 317 özəl obyekt, 312 çoxmənzilli bina, 600 fərdi ev, 452 yardımçı tikili, 305 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub. 738 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 10 min hektarlarla meşə və 5200 hektara yaxın taxıl sahəsi yanğından mühafizə edilib. 25 min fəhlə və qulluqçu yanğına qarşı maarifləndirilib. 66 mindən çox obyektdə yanğın-təhlükəsizlik yoxlaması aparılıb. Əhalinin maarifləndirilməsi işləri də həyata keçirilib, 12 mindən çox evdə nöqsanlar aşkar edilib, təxirəsalınmaz tədbirlər görülməsi üçün qaz istismar idarələrinə məktublar göndərilib".

 

K. Heydərov qeyd edib ki, 2015-ci il Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı FHN-in Fəaliyyət Planı hazırlanıb. Nazir bildirib ki, Fövqaladə Hallar Nazirliyi  daha da səfərbər olacaq və ölkə rəhbərliyinin qarşıya qoyduğu işləri daha yüksək səviyyədə yerinə yetirəcək: "Əsas məqsəd əməkdaşların peşəkarlığının artırılması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, daşqın riskinin azaldılması, neft dağılmalarının qarşısının alınması işinin təkmilləşdirilməsi, Bakı buxtasının təmizlənməsi layihəsi üzrə işlərə başlanılması, sənədlərin elektron dövriyyəsinin təkmilləşdirilməsi və Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaqdan ibarətdir”.

 

Nazir bildirib ki, bu ilin 11 ayında nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə Fövqəladə Hallar Nazirliyinin 68 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb. Həmçinin 16 əməkdaş xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbiri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib.

 

Daha sonra Kəmaləddin Heydərov prezident İlham Əliyev tərəfindən təltif olunan bir qrup əməkdaşa mükafatları təqdim edib. Həmçinin nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar.


Mərasimdə Prezident İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə qeyd edilib ki, ötən 9 il ərzində fövqəladə halların aradan qaldırılması istiqamətində böyük işlər görülüb, maddi itkilərin həcmi xeyli azalıb, insan itkisi minimuma endirilib.
Tədbirdə nazirliyin 2015-ci il üçün Fəaliyyət Planı da təsdiqlənib. 

Müəllif | Apa.Tv