Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd edilib
Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. APA TV-nin məlumatına görə, Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev qəbuldan əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, ötən il Qazaxıstanla Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 mln. dollar təşkil edib. O bildirib ki, müvafiq göstərici bu il artmayacaq.
2014-cü ildə Azərbaycan ərazisi ilə əsasən dəmir yolu vasitəsi ilə 3,5 mln. ton neftin daşındığını deyən diplomat qeyd edib ki, 2016-cı ildə “Kaşaqan” yatağının istismarına start verildikdən sonra Bakı-Tiflis-Ceyhan boru xətti ilə neft nəqlinin həcmi artacaq. Səfir həmçinin Bakı-Tiflis-Qars dəmir yolu xəttinin vacibliyini önə çəkərək bu xəttin yükdaşımaların həcminin artırılmasına kömək edəcəyini vurğulayıb.
Qazaxıstanın Avrasiya İttifaqındakı üzvlüyünə gəldikdə isə səfir bunun digər ölkələrlə münasibətlərə müsbət təsir edəcəyini bildirib. Avrasiya İttifaqı haqqında sazişin 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyini deyən A. Jumabayev bunun Qazaxıstanın öz xarici siyasətindən imtina edəcəyi anlamına gəlmədiyini vurğulayıb.
Qazaxıstanla Azərbaycan arasındakı siyasi dialoqa gəldikdə isə səfir qeyd edib ki, tərəflər hər il yüksək səviyyədə qarşılıqlı səfərləri təşkil etməyə çalışırlar. Diplomat bildirib ki, gələn il Bakıya səfər etmək növbəsi Nursultan Nazarbayevindir.
Qazaxıstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər. Azərbaycanın energetika naziri Natiq Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini, Qazaxıstan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırıb. Nazir bildirib ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olub və bu münasibətlər müstəqillik bərpa olunandan sonra intensiv inkişaf etməyə başlayıb. Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.