Prezident İlham Əliyev: "Prinsipial mövqeyimizi daim nümayiş etdirəcəyik"
Azərbaycan prezidenti İlham Əliyev son vaxtlar dünyada yaşanan iqtisadi böhrana, neft qiymətlərinin sürətlə azalmasına münasibət bildirib. APA TV-nin məlumatına görə, dövlət başçısı Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika Forumundakı çıxışında deyib ki, Azərbaycanın çox böyük beynəlxalq nüfuzu var. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbət, iqtisadi və siyasi vəziyyət sabitdir: "İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır".
Azərbaycan nadir inkişaf modelini ortaya qoyduğunu bəyan edən prezident bildirib ki, ölkəmiz öz təcrübəsini bölüşməyə hazırdır. Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz yolu - müstəqillik yolu ilə gedir: "Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik".
Dövlət başçısı onu da deyib ki, hər bir ölkənin uğurlu inkişafı üçün cəmiyyət aparılan siyasəti dəstəkləməli, xalqla iqtidar arasında birlik olmalıdır: "Biz görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bunlar, bizim gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik".