Mağazalardan oğurluq edən yeznə-qayın tutulub

Abşeron rayonunda mağazalardan oğurluq edən yeznə və qayın saxlanılıb. Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, oğurluq hadisələri bu ilin sentyabr-oktyabr aylarında törədilib.

 

Silsilə oğurluq faktlarının üstü oktyabrın 20-də Masazır qəsəbəsində Süleymanova Dilavər Vəli qızına məxsus mağazadan 819 manat dəyərində müxtəlif mobil danışıq kartları və gündəlik ərzaq məhsullarını oğurlamış şəxslər tutulduqdan sonra  açılıb. Saxlanılanlar 1996-cı ildə Salyan rayonunda anadan olmuş Həsənov Kənan Vilayət oğlu və onun qaynı, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər də oğurluq əməlinə görə məhkum olunan Əliyev Mirzəağa Azər oğludur.

 

Əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, qohumlar oktyabrın 15-də Masazır qəsəbəsində yerləşən marketdən 1000 manat nəğd pul 330 manat dəyərində mobil danışıq kartları və müxtəlif çeşidli siqaretləri gizli yolla talayıblar.

 

Bundan başqa, sentyabrın 9-da Masazırın Füzuli küçəsində Rüstəmov Nəsib Xocaxan oğluna məxsus mağazadan 1500 manat nəğd pul və 150 manat dəyərində gündəlik təlabat mallarının da Kənan Həsənov və Mirzəağa Əliyev tərəfindən oğurlandığı müəyyən edilib.

 

Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv