Azərbaycanın futbol yığmasının yeni baş məşqçisi: "Hədəflərim böyükdür" - MÜSAHİBƏ
"Azərbaycan yığmasına baş məşqçi təyin edilməmişdən əvvəl Azərbaycan futbolu haqqında eşitmişdim. Azərbaycan-Xorvatiya oyununu da izlədim. Əslində Azərbaycanda istedadlı, gənc futbolçuların olduğunu gördüm. Müşahidələrimdən sonra düşündüm ki, Azərbaycana gəlib burada məşqçi kimi fəaliyyətimi davam etdirmək münasibdir".
Bunu APA TV-yə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib: "Baş məşqçiliyə təklif aldıqdan sonra Azərbaycanda 10 gün ölkə çempionatını canlı izlədim. Düşündüm ki, öz fəlsəfəmi burdakı potensiallı futbolçulara çatdırmaq mənə daha rahat olacaq. Bu səbəbdən Azərbaycan yığmasında çalışmağa razılıq verdim. Hədəflərim böyükdür. Ən birinci məqsədim futbolu müsbət mənada dəyişib inkişaf etdirməkdir. Lakin bu o demək deyil ki, Azərbaycanda futbol yox idi. Çalışacağam ki, mövcud olan futbolun üzərində işləyək və daha gözəl futbol ortaya çıxaraq. İstəyirəm ki, dünya və Avropa Azərbaycanda futbolun olduğunu və azərbaycanlı futbolçuların potensialını bilsin".
Ən böyük hədəflərindən birinin milli komandanın oyunçularında özünə inamı qaytarmaq olduğunu deyən baş məşqçi hesab edir ki, bu, futbolçu üçün vacibdir: "Oyunçular da bunu dərk etsinlər ki, onlar futbol oynamağı bacarırlar. Mən heç vaxt gənc oyunçularla oynamaqdan qorxmuram. Potensialı və qalibiyyəti olan gənc oyunçularla oynayacağam".
Milli komandada hansı futbolçuları bəyənməsinə gəlincə, Robert Prosineçki ad çəkmək istəməyib: "Vaxt gələcək, ad çəkəcəyəm. İndi bunu demək istəmirəm. Millinin məşqini və canlı oyununu izləyərkən bir neçə futbolçunu özümdə qeyd etmişəm. Fevral ayında ilk dəfə milli komanda mənim rəhbərliyim altında 6 gün təlim-məşq toplantısında olacaq".
Məşqçi olduğu müddətdə azərbaycanlı futbolçuların Avropanın güclü komandalarına transfer olmalarına köməklik göstərəcəyini deyən yeni baş məşqçi bildirib ki, oyunçuların xaricə transferinə şəxsi əlaqələri vasitəsi ilə nail olmağa çalışacaq.
Robert Prosineçki Azərbaycana gəlməzdən əvvəl Qarabağ konflikti haqqında məlumatlı olduğunu deyib: "Gəldiyim ölkə haqqında kifayət qədər məlumatlı olmalı idim. Mənim ölkəmdə də 5 il dəhşətli müharibə gedib və müharibənin necə acı olduğunu bilirəm. Mən bundan sonrakı fəaliyyətimdə Qarabağ problemi ilə bağlı bacardığım qədər təbliğat aparacağam".
Baş məşqçi "Qarabağ" futbol komandasının son çıxışını belə şərh edib: "Düşünürəm ki, "Qarabağ" futbol komandası çox gözəl oyun nümayiş etdirdi. Bakıda keçirilən "Qarabağ"-"İnter" oyununu canlı izlədim. "Qarabağ" "İnter"ə qarşı son dəqiqəyə kimi mübarizə apardı və "İnter"i məğlub etdi. Baxmayaraq ki, hakim oyunda vurulan qolu saymadı. Hesab edirəm ki, "Qarabağ" Avropada ad qoyaraq Azərbaycanı və öz adını layiqincə təmsil etdi".
Robert Prosineçki bildirib ki, o, Azərbaycan dilində bir sıra sözlər öyrənir. Bu yolla futbolçularla daha rahat ünsiyyət qurmaq imkanı olacaq.