Səfir: "Fransa Azərbaycan və Ermənistan arasında dialoqu bərpa etməyə çalışır"
"Fransa münaqişə tərəfləri arasında dialoqu bərpa etməyə və münaqişənin sülh yolu ilə həllini tapmağa çalışır".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib. Onun sözlərinə görə, problemin həlli insanların və millətin rifahına səbəb olacaq: "Paris sammitindən 2 həftə sonra təəssüf ki, Azərbaycanla Ermənistan arasında bəzi gərginliklər oldu. Beynəlxalq ictimaiyyət bununla bağlı narahatlığını ifadə etdi. Fransa həmsədr ölkə kimi danışıqlar prosesinin davam etməsini istəyir. Biz hesab edirik ki, münaqişənin həlli üçün sülhdən başqa alternativ yoxdur. Sülh həmişə inkişafa səbəb olur".
Səfirin sözlərinə görə, gərginliklər, ərazi bütövlüyünün dəstəklənməməsi həmişə fəlakətə yol açır. O, həmsədrlərin səssizliyi ilə bağlı məsələyə də toxunub: "Vəziyyət gərginləşəndə cəmiyyətə diqqət edilməsə, həll yaratmaq istədiyin yerdə problem törədə bilərsən. Ona görə həmsədrlər bir qədər ehtiyatlıdırlar. Ancaq bu o demək deyil ki, onlar işləmirlər. Onlar işləyirlər, kompromis əldə etməyə və tərəflərin dialoqunu bərpa etməyə çalışırlar".
Paskal Monye həmsədrlərin bölgəyə növbəti səfəri ilə bağlı hələlik heç bir məlumatının olmadığını qeyd edib.