ABŞ Senatı Robert Sekutanı Azərbaycanda səfir postuna təsdiqləyib
ABŞ Senatı Robert Frensis Sekutanın Azərbaycana səfir təyinatını təsdiqləyib. APA TV-nin xəbərinə görə, müzakirələr senator Harri Reidin sədrliyi ilə keçirilib. Dekabrın 16-da keçirilmiş iclasda Frensis Sekutanın Azərbaycana səfir göndərilməsi barədə prezident Barak Obamanın təqdimatı təsdiqlənib.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də “Twitter” hesabından Senatın ABŞ-ın Azərbaycan və Ermənistanda səfiri postuna namizədləri təsdiqlədiyini yazıb, bu münasibətlə təbriklərini çatdırıb.
ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın bu posta namizədliyi bu il iyulun 8-də prezident Barak Obama tərəfindən irəli sürülüb.
ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Riçard Millsin də namizədliyi Senat tərəfindən təsdiqlənib. O, 1990-cı illərdə ABŞ Dövlət Departamentində Ermənistan və Azərbaycan məsələləri üzrə şöbəyə rəhbərlik edib.