MTN qanunsuz silah saxlayan narkotik qaçaqmalçılarını yaxalayıb
Milli Təhlükəszilik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsində, saxlanılması, daşınması və gəzdirilməsində, habelə İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana narkotik vasitələrin daşınması hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən bir qrup şəxs tutulub.
Nazirliyin İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, Azərbaycan vətəndaşları - Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu cinayət başında yaxalanıblar.
Onların yaşadığı mənzillərə və üzərlərinə keçirilmiş baxış nəticəsində 2 ədəd «Makarov» tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd «Naqan» tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2,5 kq-dan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitə– heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan diazepam aşkarlanıb.
Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslərin barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı prosesində yeni xüsusatlar üzə çıxdığından, eləcə də Aftandil Mehdiyev, Zaur Mehdiyev, Rauf Mirzəyev və Namiq Həsənovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığını ehtimal etməyə imkan verən kifayət qədər əsaslar olduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş vətəndaşlardan MTN-in ərazi orqanlarına müraciət etmələri xahiş olunur:
Əlaqə telefonu: 405-99-99.