Mübariz Qurbanlı: "Azərbaycandakı bütün məscidlərdə mühafizə sistemi qurulur” "
"Bu gün dünyanın əksər ölkələrində din siyasi məqsədlər üçün istifadə edilir. Azərbaycanda da bu faktlara rast gəlmək olur".
APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Dövlət-Din münasibətləri və vətəndaş cəmiyyəti” adlı konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda dövlət-din məsələləri Konstitusiyası ilə tənzimlənir. Dini-mənəvi dəyərlərimizin, İslam dininin əxlaq və tərbiyə qaydalarının qorunub saxlanılması istiqamətində Azərbaycanda geniş layihələr həyata keçirilir.
Komitə sədri bildirib ki, Azərbaycanda ibadət üçün məscidlərin çatışmaması barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. Hazırda Azərbaycanda 2050 məscid var, onlardan 1600-ü fəaliyyət göstərir. Son monitorinqlər göstərir ki, ölkədə 350-400 min vətəndaş məscidlərə daxil olub dini ayinləri icra edə bilər: "Məsciddə baş verən son hadisə dərhal araşdırıldı və hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədənlər müəyyənləşdirildi. Hazırda ölkədə fəaliyyət göstərən bəzi iri məscidlərin xüsusi mühafizə sistemi var. Lakin bunun bütün məscidlərdə olması vacibdir. Ona görə də hesab edirik ki, məscidlərdə mühafizə sisteminin qurulması zəruridir. Biz bu istiqamətdə işlər görürük".
Mübariz Qurbanlı son zamanlar görülən tədbirlər nəticəsində ölkədə dini radikalizmin azalmasının müşahidə olunduğunu deyib: "Azərbaycanda islami dəyərlərimizə zidd olan ayrı-ayrı qruplar, radikallaşmış dəstələr fəaliyyət göstərir, lakin onların nə ictimai, nə də sosial dayaqları var. Bu cür qruplara qarşı biz maarifləndirmə yolu ilə müvafiq yollarla işlərimizi davam etdiririk. Aparılan işlər çox böyük nəticələr verir. Artıq Azərbaycanda radikalizmdə səngimə, azalma görürük. Bütövlükdə bundan əvvəl də görülən işlər öz bəhrəsini verib".
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumu imzalanıb.