Lənkəranda 20 gün əvvəl dili kəsilən kişi ölüb
Lənkəranda 20 gün əvvəl bıçaqla ağır yaralanmış şəxs ölüb. APA TV-nin xəbərinə görə, 39 yaşlı Eyvaz Paşayev Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. APA TV-nin cənub bürosunun məlumatına görə, onun ölümündə təqsirli bilinən Lənkəran şəhər sakini, 27 yaşlı Adil Ağayev isə şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Qeyd edək ki, noyabrın 28-də axşam saatlarında Lənkəran şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib. Elnur Paşayevi özünə məxsus “Hyundai” markalı avtomobildə yaralı halda aşkarlayan yaxınları dərhal onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Sol kürək və sol yanağın kəsilmiş-deşilmiş yarası, dilin kəsilməsi və ağır qanaxma diaqnozu ilə xəstəxanaya qəbul olunan Elnur Paşayev dərhal əməliyyat edilsə də, vəziyyəti ağırlaşıb. Daha sonra o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.