Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib
""Qarabağ" futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı".
APA TV-nin xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən söyləyib. Prezident İlham Əliyev futbolun inkişafının Azərbaycanda dövlət siyasəti olduğunu, bununla bağlı Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırıb. Prezident bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Prezident İlham Əliyev dekabrın 11-də İtaliyanın “İnter” komandası ilə keçirilən oyunda “Qarabağ” komandasının vurduğu qolun hakim tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirib: "Sizin uğurlu çıxışlarınız azarkeşləri sevindirir və siz xalqımıza qələbə sevinci bəxş edirsiniz. Xüsusi ilə son qarşılaşmalarda sizin oyunlarınız ən yüksək qiymətə layiqdir. Sizin qrupunuzda sizinlə yarışan klubların büdcəsi sizin klubun büdcəsindən qat-qat artıqdır. Lakin həyatda, siyasətdə və idmanda bəzən maddi vəsait hər şeyi həll etmir. Sizdə olan vətənə bağlılıq, vətənpərvərlik, iradə bu qələbələri şərtləndirib".
Klubun adının “Qarabağ” olmasının da komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, gələcəkdə bu komanda xalqımızı sevindirməkdə davam edəcək.
Komandanın baş məşqçisi Qurban Qurbanov onların fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qurban Qurbanov komandanın yenə də eyni əzmlə çalışacağına əminliyini ifadə edib.
“Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl son oyunları ilə azarkeşlərin rəğbətini qazanan komandanın hakim ədalətsizliyinə baxmayaraq, ruhdan düşmədiyini deyib. Son hadisə ilə bağlı Avropa futbol ictimaiyyətində də böyük narahatlıq hisslərinin yaşandığını deyən Tahir Gözəl dövlət başçısına klubun xatirə hədiyyələrini təqdim edib.
Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü deyib. Dövlət başçısı 2020-ci ildə Bakının futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasında olduğunu xatırladıb, bir daha komandanın üzvlərinə müvəffəqiyyətlər arzulayıb.