Şəhid Rüfət Fətəlizadənin təltif edildiyi medal ailəsinə təqdim olunub

Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan əsgər Rüfət Fətəlizadənin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub. APA TV-nin xəbərinə görə, bu münasibətlə dekabrın 17-də Ağsu rayonundakı Şəhidlər Xiyabanında mərasim keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin, şəhidin xidmət etdiyi “N” saylı hərbi hissənin, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə bildirilib ki, ötən ilin yanvarında Ağsu rayonundan hərbi xidmətə çağırılan Padar kənd sakini 1995-ci il təvəllüdlü Fətəlizadə Rüfət Nazim oğlu 2014-cü il avqustun 9-da Tovuz istiqamətində gedən döyüşlər zamanı düşmən həmləsini dəf edərkən qəhrəmancasına şəhid olub. Məlumat verilib ki, şəhid Rüfət Fətəlizadə uşaq yaşlarından idmanın boks növü ilə məşğul olub və yaşadığı Rusiyada keçirilən yarışlarda dəfələrlə qalib gələrək Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə şəhid Rüfət Fətəlizadə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Çıxışlardan sonra medal şəhidin qardaşına təqdim olunub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov